Prezident İlham Əliyev: Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir

Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir. Əsas məqsəd ondan ibarətdir ki, hər bir vətəndaş imkan daxilində öz vətəndaş mövqeyini göstərsin, həmrəylik göstərsin, cəmiyyətimizin əsas sütunlarından biri olan həmrəylik və mərhəmət bir daha özünü büruzə versin. Biz həm özümüzə, həm də bütün dünyaya göstərək ki, biz böyük xalqıq.

Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı deyib: “Şadam ki, qısa müddət ərzində bu fonda verilən ianələr artıq böyük rəqəmlərə gəlib çatıbdır. Fond yarandıqda Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrılıb. Fond bir neçə gündür ki, artıq ianələri qəbul etməyə başlamışdır”.

“Fürsətdən istifadə edərək bu günə qədər Fonda ianə vermiş bütün insanlara, bütün şirkətlərə dərin minnətdarlığımı bildirirəm. Bu, bir daha bizim birliyimizi, gücümüzü göstərir və onu göstərir ki, biz birgə səylərlə bu xəstəliyə qalib gələcəyik”, - deyə Prezident qeyd edib.