Prezident İlham Əliyev: Koronavirusun yayılmaması üçün vətəndaşlar da məsuliyyətli olmalıdırlar

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində
koronavirus infeksiyasının dünyada yayılması məsələsinə də toxunub.
Dövlətimizin başçısı koronavirus xəstəliyinin dünya gündəliyinin bir nömrəli məsələsi
olduğunu söyləyib. “Artıq Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan edibdir və
bəyan edibdir ki, pandemiyanın mərkəzi Avropa məkanıdır. Bu xəstəliyin geniş
yayılması onu göstərir ki, hətta inkişaf etmiş ölkələr onun qarşısını ala bilmirlər. Bu
xəstəliyə qarşı heç bir dərman, vaksin yoxdur və nə vaxt olacaq, heç kim bilmir. Ona
görə bu xəstəliyin məhdudlaşdırılması və yayılmaması üçün biz bəri başdan, ən ilk
günlərdən praktik addımlar atmağa başlamışıq”, – deyə Prezident qeyd edib.
Prezident İlham Əliyev vurğulayıb ki, bu, indiyədək dünyada görünməmiş xəstəlikdir və
bu xəstəliyin yayılması templəri də bizə bəlli deyil. İnkişaf etmiş bir neçə ölkədə artıq bu
xəstəlik bir-iki gün ərzində geniş vüsət alır. Bu, onu göstərir ki, xəstəliyin sanki
akkumulyasiya dövrü vardır, ondan sonra bu xəstəlik geniş yayılır. Bu xəstəliyin
yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da
məsuliyyətli olmalıdırlar. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal
həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir,
lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Bu tədbirlər artıq ləğv olunub,
amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun olmayan
hərəkətlər etsinlər. “Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər
görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin
təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl
etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.